QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Malayziyada anılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycanın Malayziyadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə yerli ictimaiyyətin nümayəndələri, Malayziyada fəaliyyət göstərən diplomatik korpusun, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Braziliya, Bruney, Kamboca, Xorvatiya, Pakistan, Papua, Yeni Qvineya, Kuba, Ekvadorun və Avropa İttifaqının səfirləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan səfir Tahir Kərimov 20 Yanvar faciəsi ilə bağlı məlumat vermiş, hadisələrdən öncə başlamış Azərbaycan xalqının milli oyanış və azadlıq hərəkatı haqqında danışmışdır. Səfir, həmçinin keçmiş Sovetlər İttifaqının tərkibindəki ölkələrdə həmin dövrdə baş verən azadlıq hərəkatlarından söz açmış və məhz ən qanlı hadisələrlə yadda qalan 20 Yanvar faciəsinin sovet ordusu tərəfindən ağır hərbi texnika və silahlarla qəddarlıqla törədildiyini, əliyalın, müdafiəsiz mülki vətəndaşların qətlə yetirildiyini vurğulamışdır. Səfir faciənin ertəsi günü Moskva şəhərində ümummilli lider Heydər Əliyev tərəfindən xarici KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirərək Sovet İttifaqının öz vətəndaşları olan azərbaycanlılara qarşı amansız qəddarlıqlarını böyük cəsarətlə bütün dünyaya bəyan etməsini diqqətə çatdırmışdır.
Səfir bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının müstəqil dövlət kimi dünyada təmsil olunmasına və xarici ölkələrdə diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərməsinə 20 Yanvar faciəsində şəhid olmuş vətəndaşlarımızın özlərini vətən uğrunda qurban verməsi ilə nail olunmuşdur. Səfir çıxışını Azərbaycan xalqının azadlıq şüarı olmuş “Torpaq, uğrunda ölən varsa Vətəndir!” kəlamı ilə başa çatdırmışdır.
Sonra mərasim iştirakçıları 20 Yanvar faciəsi haqqında hazırlanmış qısametrajlı sənədli filmə tamaşa etmişlər.
Daha sonra tədbir iştirakçısı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənub-Şərqi Asiya Təmsilçiliyinin nümayəndəsi Qorxmaz Hüseynov 20 Yanvar hadisələrinin iştirakçısı və canlı şahidi olaraq xatirələrini danışmış və onun tələbə yoldaşı olmuş şəhid Ülvi Bünyadzadənin simasında 20 Yanvar hadisələrinin qəhrəmanlarından söhbət açmışdır.