20 Yanvar şəhidlərinin xatirəsi Yaponiyada anılmışdır
Tokio, 23 yanvar (AZƏRTAC). Yanvarın 23-də Yaponiyanın Kobe Şukukava Qakuin Universitetində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə qanlı hadisələr barədə məlumat vermiş, Qanlı Yanvarın Azərbaycanda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edildiyini bildirmişdir. Səfir 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiyanın insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri kimi yaddaşlarda qaldığını qeyd etmişdir. 20 Yanvar qətliamının Azərbaycan tarixinin həm də qəhrəmanlıq səhifəsi olduğu, xalqımızın azadlıq uğrunda mübarizə əzminin və yenilməz iradəsinin rəmzinə çevrildiyi vurğulanmışdır. Faciəyə ilk siyasi-hüquqi qiymətin verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri iştirakçıların diqqətinə çatdırılmışdır.
G.İsmayılzadə dəhşətli qırğından 24 il keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını, həmin faciənin ağrısı ilə yaşadığını bildirmişdir. Azərbaycanda azadlıq hərəkatının hərbi qüvvə işlətməklə qarşısını almaq məqsədilə sovet ordusunun xüsusi bölmələrinin Bakıya yeridildiyi, zirehli texnikadan istifadə edilməklə 140-dan çox günahsız insanın qətlə yetirildiyi, 700-dən çox adamın yaralandığını toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. Hər il yüz minlərlə insan tərəfindən Bakıda 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanının ziyarət edildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Universitetin professoru Akihiro Savayama çixiş edərək, özünün də Azərbaycanda olarkən Şəhidlər xiyabanını ziyarət etdiyini, Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin daim Azərbaycan xalqı tərəfindən ehtiramla yad edildiyini diqqətə çatdırmışdır.
Tədbirdə 20 yanvar faciəsini əks etdirən slaydlar nümayiş olunmuş, faciə haqda məqalənin dərc edildiyi yapon dilində “İRS-İsan” jurnalı iştirakçılara paylanmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio