İQTİSADİYYAT
Astronavtika Konqresinə bir çox ölkələrdən elm adamları qatılacaq VİDEO






Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də ADA Universitetində Azərkosmos ilə Beynəlxalq Astronavtika Federasiyası gələn il Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə görüş keçirib. Görüşün məqsədi gələn il oktyabrın 2-6-da ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində Azərbaycanın elm, təhsil və tədqiqat sahəsinin daşıdığı önəm, beynəlxalq kosmik ictimaiyyət qarşısında ölkəmizin elm istiqamətində inkişafını göstərmək və ümumiyyətlə Konqresə Azərbaycanın, həmçinin bizə yaxın regiondakı ölkələrin elm insanlarının aktiv cəlb olunmasına həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə kosmik sahəyə xüsusi diqqət yetirildiyini bildirib. Deyib ki, ölkəmizin üç süni peyki Azərbaycanın dünya kosmos ailəsinə daxil olmasına imkan yaradır: “Bundan sonra da ölkəmizdə kosmik sahənin davamlı inkişafı ilə bağlı bir çox layihələr həyata keçirilib, həm elmi, həm sənaye müəssisələri, həm də Azərkosmos tərəfindən bu sahədə əhəmiyyətli tədbirlər təşkil edilib. Təbii ki, bu sahənin inkişafı üçün müvafiq kadrlar olmalıdır. Ölkəmizdə həm Elm və Təhsil Nazirliyi, həm Milli Elmlər Akademiyası tərəfindən bu sahə ilə bağlı kadr hazırlığı, həmçinin elmi araşdırmalar müvafiq səviyyədə aparılır”.
Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə kosmik sənayenin inkişafına mühüm töhfə verəcəyini bildirib. Qeyd edib ki, bu konqres Azərbaycana, həmçinin regionumuza kosmik ekosistemin qurulması və inkişafında aparıcı qüvvə kimi çıxış etmək imkanı qazandıracaq.
Astronavtika Federasiyasının icraçı direktoru Dr. Kristian Faytinger Federasiyanın ölkələr arasında sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal əməkdaşlıq yaratdığını bildirib.
Daha sonra tədbirdə çıxış edənlər bildiriblər ki, konqresin Bakı şəhərində keçirilməsi kosmos sahəsində çalışan elm xadimləri, ələlxüsus gənc tədqiqatçılar və tələbələr üçün heç şübhəsiz ən əlverişli və uyğun platforma olacaq.
Sonda Beynəlxalq Astronavtika Konqresinə dair videoçarxlar nümayiş edilib.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.
2023-cü il oktyabrın 2-6-da Bakı şəhərində keçiriləcək konqresdə elm və təhsil sahəsində “Call For Paper” adlı kosmik sahə üzrə elm müsabiqəsi, “Kosmik Liderlər Qrant Proqramı”, “Gənc Kosmik Liderlərin Tanınması Proqramı”, “Gənc Peşəkarlar Proqramı”, “IAF Tələbə Müsabiqəsi”, “Malina Astronavtika Medalı və Napolitano Mükafatı” kimi böyük təşəbbüslər həyata keçiriləcək.