REGİONLAR
Hacıqabul və Şamaxıda yeni nasos stansiyaları inşa edilib VİDEO
Hacıqabul, 28 dekabr, AZƏRTAC
Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Nümayəndəliyi tərəfindən Hacıqabul rayonunda suvarılmanın yaxşılaşdırılması, əkilən kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təminatı üçün yeni üzən nasos stansiyası tikilib. Stansiya Kür çayı sahilində inşa edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kür çayından götürülən su nasos stansiyası vasitəsilə qəbul olunduqdan sonra dəmir boru ilə beton üzlüklü kanala, oradan isə su anbarına ötürülür. Yeni stansiyada 4 nasos quraşdırılıb. Bu nasos stansiyasının özünəməxsus xüsusiyyətləri var. Belə ki, əvvəllər nasoslar vasitəsilə çayın yan tərəflərindən su götürülürdüsə, hazırda şaquli vəziyyətdə su götürmək mümkün olur. Stansiya Kür çayında su aşağı səviyyədə olsa da, onu asanlıqla qəbul edə biləcək. Artıq nasos stansiyası tam işlək vəziyyətdədir.
Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Nümayəndəliyi tərəfindən Hacıqabul rayonu ilə yanaşı, Şamaxı rayonunda da yeni nasos stansiyası tikilib və istifadəyə hazır vəziyyətə gətirilib. Stansiya rayon ərazisində yerləşən heyvandarlıq kompleksinin su təminatını həyata keçirəcək. Nasos stansiyasının qəbul etdiyi su subartezian quyuları vasitəsilə yığılır. Burada 2 ədəd nasos quraşdırılıb və 7,3 kilometr məsafəyə su ötürülür. Daha sonra təzyiq qırıcı quyulardan polietilen borularla heyvandarlıq kompleksinin tərkibində olan su hovuzuna yığılır.
Qeyd edək ki, Hacıqabul rayonunda Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Nümayəndəliyi tərəfindən istifadəyə verilən üzən nasos stansiya xidməti ərazisində olan 3 min hektar əkin sahəsini asanlıqla suvarmaq qabiliyyətinə malikdir. Şamaxı rayonunda tikilən nasos stansiyası isə müasir standartlara cavab verən avadanlıqla təchiz olunub. Nasos stansiyasının işləməsi avtomatik rejimdədir. İstənilən vaxt istənilən yerdən idarə etmək mümkündür. Obyektdə skada sistemi də qurulub.