REGİONLAR
Lənkəran Melioservis İdarəsi: Keçən il 170 min kubmetrdən çox torpaq işləri görülüb VİDEO
Lənkəran, 5 yanvar, AZƏRTAC
Keçən il Lənkəran Melioservis İdarəsi tərəfindən Lənkəran və Astara rayonlarında əkin sahələrinin suvarılması uğurla təmin olunub. Kəndlərdə su ötürücüləri, drenajlar təmizlənib, 160 min kubmetrdən çox torpaq işləri görülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran Melioservis İdarəsinin rəisi Tarverdi Əhmədov məlumat verib.
O qeyd edib ki, 2022-ci ildə Astarada 160 min kubmetr, Lənkəran zonasında isə 15 min kubmetrə qədər torpaq işləri icra olunub. Əkin sahələri suvarma suyu ilə vaxtında təmin etmək üçün tələb olunan bütün tədbirlər həyata keçirilib. Əsas kanalların, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma, eləcə də kollektor-drenaj sistemlərinin, çay məcralarının lildən təmizlənməsi, hidrotexniki qurğuların əsaslı və cari təmiri, yenidən qurulması təmin edilib.
“Fermerlərə kömək etmək məqsədilə təsərrüfatdaxili kanallar lildən təmizlənib. Pensər çayında sel sularını ötürməkdən ötrü təmizləmə işləri də icra olunub. Ərçivan və Kələdəhnədə kollektor və drenaj şəbəkələri təmizlənib”, - deyə o bildirib.