REGİONLAR
Cəlilabadlı taxılçılar bu il sahələrdən bol məhsul gözləyirlər VİDEO
Cəlilabad, 13 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC
Bu il Cəlilabadda taxıl bol olacaq. Yanvarın 9-dan cənub bölgəsinə aramla yağan qar cəlilabadlı fermerlərin də sevincinə səbəb olub. Əsasən dəmyə əkinçiliyi ilə məşğul olan kəndlilər bu il 70 min hektara yaxın sahəyə dənli bitkilər əkiblər.
AZƏRTAC xəbər verir ki, son günlər havaların qarlı-şaxtalı keçməsi xüsusilə taxıl sahələri üçün çox faydalıdır. Nəzərə alsaq ki, Cəlilabad rayonunda dənli bitkilərin 90 faizə qədəri dəmyə əkinçiliyinə aiddir, onda qarın yağması sahələrdən bol məhsul götürüləcəyi anlamına gəlir.
Uzun illərdir kənd təsərrüfatı ilə məşğul olan rayonun Muğankənd sakini Murtuz Ağayev bu il 5 hektar əkin sahəsinə yüksək kondisiyalı buğda sortu səpib. O bildirib ki, qar torpağın nəmliyini artırır, zərərvericiləri öldürür: “Atalar deyib ki, qar təbiətin yorğanıdır. Bizdə növbəli əkindir. Taxılı vaxtında aqrotexniki qaydada əkmişik, gübrə vermişik. Qar da yağdı, ziyanverici həşəratlar məhv olacaq. Bu il gözləntilərimiz böyükdür. “Qobustan” buğda sortu əkmişəm, 35 sentner məhsul verir”.
Fermer Həmzəxan Məhərrəmov da qarın yağmasına sevinir. Rayonda əsasən dəmyə şəraitində əkin aparıldığını söyləyən Həmzəxan Məhərrəmov “Taxılımız vaxtında əkilərsə, bizim həmişə çörəyimiz bol olur. Şükür Allaha, bu il yaxşı qar yağıb. İnşallah, bol məhsul götürəcəyik”, - deyir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Rizvan Məmmədhəsənovun sözlərinə görə, Cəlilabadda 57 min 300 hektar sahədə buğda, 8200 hektarda arpa, 3200 hektarda isə dənli bitkilər əkilib. Yağan qar payızlıq dənli bitkilərin soyuq havalardan qorunmasında əhəmiyyətli rol oynayır, soyuqdan donmasının qarşısını alır: “Mövsümün qarlı, yağışlı keçməsi, sözün əsl mənasında, fermerlər üçün toy-bayramdır. Çünki bu qar gələcəkdə bol məhsuldarlıqdan xəbər verir. Fermerlər bundan sonra çalışmalıdırlar ki, aqrotexniki qaydalara riayət etməklə daha çox, yüksək məhsuldarlıq əldə etsinlər”.
İndi təsərrüfat adamları ağ örpəyə bürünən taxıl sahələrindən bol məhsul ümidi ilə yaz fəslinin gəlişini səbirsizliklə gözləyirlər. Çünki yazın gəlişi ilə təbiət yenidən oyanmağa başlayır.