Avtomobillərin texniki baxışı ilə bağlı fasiləsiz iş rejimi tətbiq edilir VİDEO




Bakı, 27 yanvar, AZƏRTAC
Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarındakı Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir. Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Vaxtdan asılı olmayaraq, müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış mərkəzlərində hər cür şərait yaradılıb.
Paytaxt ərazisində hərəkəti müəyyən olunan müddətlərdə məhdudlaşdırılan yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razı qaldıqlarını bildirirlər. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirə bilərlər.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün gün ərzində 012 590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.