REGİONLAR
Qazax, Tovuz və Gədəbəydən Türkiyəyə yardım göndərilib - REPORTAJ VİDEO
























Qazax, 11 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir. Digər bölgələr kimi, Tovuz, Gədəbəy və Qazax rayonları da bu yardım aksiyasına qoşulub.
AZƏRTAC xəbər verir ki, qardaş Türkiyə Respublikasına yola salmaq üçün Tovuz Rayon İcra Hakimiyyətinin xətti ilə humanitar yardım Qazax rayonuna gətirilib. Yardım üçün göndərilən humanitar yardım arasında zəlzələ zamanı xəsarət alanların müayinə və müalicəsində istifadə ediləcək tibbi avadanlıq və ləvazimatlar da var.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov bildirib: “Təşkil etdiyimiz tibbi avadanlıqlar arasında süni nəfəs cihazları, kardio-monitor, göz müayinəsi üçün aparatlar və digər tibbi qurğular da var. Allahdan bir daha Türkiyə xalqına səbir diləyirik. Biz hər zaman qardaşlarımızın yanındayıq”.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev isə deyib ki, Türkiyədə baş verən zəlzələyə ölkəmizdə dərhal reaksiya verilib, dəstək və yardımlar başladılıb. Azərbaycan ilk andan qardaş türk xalqının yanında olduğunu hər zaman olduğu kimi, bu dəfə də bəyan etdi. Vətəndaşlarımız doğma türk xalqına tək olmadığını, hər zaman dar və şad günlərdə bir-birinin yanında olduğu kimi, bu ağır günlərdə də onlarla birgə olduqlarını nümayiş etdirməkdədir. “Qazax Rayon İcra Hakimiyyətinin xətti ilə qardaşlarımıza 300 ədəd yorğan, 100 ədəd döşək, 300 ədəd yastıq, 211 ədəd elektrik qızdırıcıları, 6000 ədəd qida məhsulları, 38 çeşiddə vacib olan dərman preparatları könüllülər tərəfindən qablaşdırılaraq yük maşınlarına yüklənir və can qardaşlarımıza göndərilir”, - deyə Məmməd Alıyev qeyd edib.
Türkiyədə baş verən zəlzələ nəticəsində tələfatın və xəsarət alanların olması ölkəmizin hər yerində hər yaşayış məntəqəsində olduğu kimi, Gədəbəy sakinlərini də dərindən sarsıdıb. Gədəbəy Rayon İcra Hakimiyyəti də Türkiyədə zəlzələdən zərər çəkən insanlara humanitar yardım aksiyasına qoşulub. RİH-in xətti ilə isti geyimlər, ərzaq məhsulları, dərman preparatları tədarük edilib.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev: “Türkiyədə baş verən zəlzələ nəticəsində qardaşlarımızın, bacılarımızın dərdinə şərik olmağa, onlara dəstək verməyə çalışırıq. Bu dəstək və kömək təbii ki, davamlı olacaq”.
Qeyd edək ki, Gədəbəy, Tovuz və Qazax Rayon İcra hakimiyyətlərinin xətti ilə təşkil edilən yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.