HEYDƏR ƏLİYEV - 100
Bakıda “Heydər Əliyev və azərbaycançılılıq-100” mövzusunda konfrans keçirilib






Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasi xadim və böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılılıq-100” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransa moderatorluq edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran böyük şəxsiyyət olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı yeni əsrə və minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Ümummilli Liderin azərbaycançılıq ideologiyası bu gün dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu Öndərin söylədiyi “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udi də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır” sözləri bu gün də son dərəcə əhəmiyyətlidir.
Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bu gün Azərbaycanda mövcud olan multikulturalizm siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Deyib ki, multikulturalizmin dövlət səviyyəsində həyatımıza, cəmiyyətimizə tətbiqi Ulu Öndərin qəbul etdiyi qərarlardan başlayır.
Rektor qeyd edib ki, Prezident İlham Əliyev multikulturalizm siyasətini çox böyük uğurla və ləyaqətlə davam etdirir. Bu gün ABŞ-da, Avropada, yaxın və uzaq ölkələrdəki universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlandı.
Akademik Kamal Abdulla əlavə edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və inkişafını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikulturalizm modellərini tədqiq və təşviq etməkdir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.
Digər çıxış edənlər - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycandakı dini konfessiyaların, o cümlədən müxtəlif milli icmaların rəhbərləri bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycanın dövlətçilik tarixində imza atılan dönüş xarakterli uğurlardan sayılır.
Qeyd edilib ki, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda mədəni, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Bütün dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub.