AŞPA: İstanbuldan olan millət vəkili, əlil Serkan Bayramın həyatından bəhs edən film nümayiş olunub VİDEO
Strasburq, 12 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkili, əlil Serkan Bayramın həyatından bəhs edən film nümayiş olunub və əlillərin hüquqlarına dair konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, filmdə əlillərə, eləcə də onların hüquqlarına diqqət çəkilib. Əlillərə və insan hüquqlarına diqqət çəkilməklə dünya ictimaiyyətinə sülh çağırışı edilib.
Filmdə bir neçə aylıq olan körpənin valideynləri taxıl biçimindən sonra tarlada yeni zəminin yaradılması üçün çalışırlar. Taxıl biçildikdən sonra tarlada qalıqlar yandırılır. Başları işə qarışan valideynlər alovun körpələrinə çatdığını və onu bürüdüyünü çox gec görürlər. Həmin körpə əlil olur. Ancaq bu əlillik ona mane olmur və o, istədiyi səviyyəyə qədər yüksəlir. Bu gün isə Türkiyə Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili seçilib.
Film ümidin həmişə qalib gəldiyini göstərir və digər əlil insanlara həyatlarının onlardan asılı olduğunu göstərir. Bütün insanların hüquqları bərabərdir. Nümayiş olunan film auditoriyanı təsirləndirib.
Tədbirdə Avropa Şurası yanında Türkiyə və Azərbaycan daimi nümayəndəliklərinin üzvləri, müxtəlif ölkələrdən olan diplomatlar, eləcə də Türkiyə Əlillər Konfederasiyasının prezidenti Yusuf Çələbi və AŞPA-nın Ukrayna nümayəndə heyətinin sədri Mariya Mezentseva da çıxış ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq