Rotterdamda soydaşlarımızla keçirilən görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışılıb VİDEO
Rotterdam, 23 oktyabr, AZƏRTAC
Azərbaycandan gəlmiş nümayəndə heyətinin üzvləri Rotterdamda yerləşən Qarabağ İdman klubunun ofisində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə əlaqədar Niderlanddakı soydaşlarımızla görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Qərbi Azərbaycandan olan və Niderlandda yaşayan, eləcə də digər soydaşlarımız iştirak ediblər. Söhbət zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ətrafında fikir mübadiləsi aparılıb. Soydaşlarımız yaşadıqları ölkədə Konsepsiyanın həyata keçirilməsi, soydaşlarımızın Ermənistandan mərhələlərlə qovulması ilə bağlı yerli ictimaiyyətin məlumatlandırılması və bu istiqamətdə hüquqi maarifləndirmənin həyata keçirilməsi kimi məsələləri müzakirə ediblər.
Soydaşlarımız onları maraqlandıran sualları nümayəndə heyətinin üzvlərinə ünvanlayıblar.
Görüşdə iştirak edən Milli Məclisin deputatları Əziz Ələkbərli və Hikmət Məmmədov, eləcə də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov soydaşlarımızın suallarını cavablandırıblar. Qərbi azərbaycanlıların doğma evlərinə qayıdışının soydaşlarımızın qanuni haqqı olduğu bildirilib, beynəlxalq hüququn bununla bağlı müddəalarından danışılıb. Diqqətə çatdırılıb ki, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfransdan sonra bu istiqamətdə mütəmadi iş aparılmalıdır.
Görüşdə bu istiqamətdə gələcək yol xəritəsindən söz açılıb. Qeyd edilib ki, soydaşlarımız yerli ictimaiyyəti öz hüquqları barədə məlumatlandırılmalıdırlar.
“Zəngəzur” sənədli filminin başqa dillərdə də hazırlanaraq, yayılmasının Qərbi Azərbaycan məsələsinin tanıdılması baxımından əhəmiyyəti vurğulanıb. Eyni zamanda, vizual təşviqatın daha məhsuldar olduğu qeyd edilib.
Görüşdə vurğulanıb ki, hər bir insanın doğulduğu məkanda yaşamaq hüququ var. Bu, beynəlxalq hüququn əsas müddəalarındandır. Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qayıdışı onların qanuni haqqıdır və bu labüddür. Bütün azərbaycanlılar “Dəmir yumruq” ətrafında birləşərək, soydaşlarımızın bu haqqının bərpasına da nail olacaqlar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam