Milli Məclisin sədri: Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gələn il fevralın yeddisinə təyin edilmiş prezident seçkilərində partiyadan namizəd göstərilib. Əlbəttə, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edib. Dünyamiqyaslı siyasi və dövlət xadimi olan İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirib, fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilib və daha da zənginləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.
Azərbaycanın dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxdığını, geniş bir bölgədə söz sahibinə çevrildiyini bildirən Milli Məclisin sədri əlavə edib: “Prezident İlham Əliyev Azərbaycanın Müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib. Onun siyasi diplomatik və hərbi strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Azərbaycanın müasir tarixinin son 20 ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial, iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır. Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləməsini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək”.