Cəlilabada yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb VİDEO
Cəlilabad, 24 yanvar, İlkin Adıyev, AZƏRTAC
Bu gün səhər saatlarından başlayaraq Cəlilabad rayonu ərazisinə güclü qar yağır. Rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 10 santimetrə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar rayonda su, qaz və rabitə sahəsində problem yaratmasa da rayonun avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Qar səbəbindən Cəlilabad-Yardımlı avtomobil yolunda nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən qarın ən çox yağdığı ərazilərdə, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsi işləri görülür.
Qeyd edək ki, rayonun ucqar dağ kəndlərində güclü qar yağmaqda davam edir. Cəlilabad şəhərində 5-10 santimetr qalınlığında olan qar rayonun ucqar kəndlərində 15-25 santimetrə çatıb.