ELM VƏ TƏHSİL


31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 8-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə olimpiada iştirakçıları onlara təqdim edilən 3 sualı 5 saat ərzində cavablandırmalıdırlar.

Yarışın yekun nəticələrinin avqustun 9-da elan edilməsi nəzərdə tutulur.

31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.

Yarış iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə maraqlı mədəni proqram hazırlanıb. Avqustun 7-də onlar üçün Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və Nobel qardaşlarının ev-muzeyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyalar təşkil edilib.

Qeyd edək ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil etmiş Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verir. İctimai Televiziya olimpiadanın baş media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.