31 mart – Azərbaycanlıların Soyqırımı Günü Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada ehtiramla anılmışdır
Belqrad, 31 mart (AZƏRTAC). Azərbaycanın Serbiyadakı səfirliyi, eləcə də Bosniya və Herseqovinadakı və Monteneqrodakı diplomatik nümayəndəliklərimiz 31 mart - Azərbaycanlıların Soyqırımı Günü və Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Azərbaycanın Serbiyadakı səfirliyində keçirilən tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının təmsilçiləri, Azərbaycan icmasının üzvləri və bu ölkədə təhsil alan tələbələrimiz, Serbiya ictimaiyyətinin, KİV-lərin və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Mərasimdə ermənilər tərəfindən zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirilmiş qanlı qırğınlar, xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində törədilmiş vəhşiliklər barədə ətraflı məlumat verilmişdir. Bu qırğınların 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində daha geniş xarakter alması, həmin soyqırımı aktları zamanı soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə günahsız insanın doğma yurd-yuvasından didərgin salınması diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam etməkdədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni yaraqlılarının törətdikləri və öz amansızlığı ilə seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması ilə bağlı məlumat verilən tədbirdə vurğulanmışdır ki, bütün bunlar Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.
Tədbir iştirakçıları martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması haqqında ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətini vurğulamış, bu sənədin xalqımızın milli şüurunun oyanmasında mühüm rol oynadığını qeyd etmişlər.
Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatı oxunmuşdur.
Tədbirdə Azərbaycanın dilbər guşələrindən olan, mühüm strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 21-ci ildönümü də xatırlanmışdır. Diqqətə çatdırılmışdır ki, Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və ya girov götürülmüş, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi və mədəniyyət abidələri dağıdılmışdır.
Bildirilmişdir ki, hazırda 11 min Kəlbəcər rayon sakini Gəncədə, qalanları isə respublikamızın müxtəlif bölgələrində məskunlaşmışdır. Dövlət tərəfindən onların sosial problemlərinin həlli istiqamətində bir sıra mühüm işlər görülməkdədir. Tədbir iştirakçıları qaçqın və məcburi köçkünlərimiz üçün yaradılan bütün imkanlara baxmayaraq, onların öz doğma yurdlarına geri dönmək arzusunu dilə gətirmiş və işğal olunmuş ərazilərimizin Azərbaycanda aparılan qətiyyətli daxili və xarici siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliklərini ifadə etmişlər.
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat məlumatı, eləcə də Ombudsmanın bəyanatı Serbiyanın, Monteneqronun, Bosniya və Herseqovinanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, Belqradda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad