31 mart – tariximizin qan yaddaşı
Bakı, 31 mart (AZƏRTAC, Samirə Allahverdiyeva). Martın 31-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında qan yaddaşımızda dərin iz buraxmış 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbir 31 mart soyqırımından bəhs edən videoçarxın nümayişi ilə başlamışdır.
Sonra Binəqədi RİH başçısı Xaləddin İsgəndərov çıxış etmişdir. O, tarix boyu imperialist qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımları həyata keçirdiyini diqqətə çatdırmışdır. Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 mart soyqırımı olduğunu bildirən X.İsgəndərov, bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, qətl və amansız işgəncələrə məruz qaldığını vurğulamışdır.
Natiq 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən əsl hüquqi-siyasi qiymət verildiyini qeyd edərək, bu hadisəni təkcə tarixdən, şahidlərin xatirələrindən öyrənmədiyimizi, həm də bir soyqırımı aktı kimi hiss etdiyimizi bildirmişdir. RİH başçısı eyni xarakterli, eyni mahiyyətli Xocalı soyqırımı və işğal olunmuş digər torpaqlarımızda soydaşlarımıza qarşı həyata keçirilmiş qanlı qırğınlardan cəmi iyirmi ildən bir az artıq zaman keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra tarixçi alim, BDU-nun professoru Anar İsgəndərov “31 mart azərbaycanlıların soyqırımı: sənədlər və tarixi faktların şahidliyi”, politoloq Elman Nəsirov “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: tarix və müasirlik kontekstində”, tarixçi alim və Milli Məclisin deputatı Rafael Cəbrayılov “31 mart azərbaycanlıların soyqırımının hüquqi-siyasi tərəfləri” mövzusunda çıxış etmişlər.
Natiqlər imperialist dövlətlərin dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğulamışlar.