31 mart soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Yevlax, 1 aprel, AZƏRTAC
Tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər son iki əsrdə xalqımıza qarşı planlı şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər yerlərdə 50 mindən çox azərbaycanlı, o cümlədə qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilib, xalqımıza məxsus tarixi abidələr məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Yevlaxda keçirilən tədbirdə bəhs edilib.
Tədbir iştirakçıları soyqırımı abidəsini ziyarət edərək, önünə gül-çiçək düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətindən danışıb, XIX əsrdə, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri dağıtdıqlarını diqqətə çatdırıb, 1918-ci ilin mart-aprel aylarında baş verənləri bəşəri cinayət adlandırıblar.
Sonda tədbir iştirakçıları məktəblilərin soyqırımına həsr etdikləri rəsm sərgisinə baxıblar.