İcraçı direktor: “4.0 Sənaye Mərkəzi” sənaye üçün “vahid pəncərə” modelində fəaliyyət göstərəcək VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Sənaye 4.0 texnologiyaları istehsalata 6,3 milyard dollar gəlir gətirə bilər. Gələcəkdə 85 milyon iş yeri boş qalacaq ki, bu da milyardlarla dollar itkiyə səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
“Biz bir sıra Azərbaycan şirkətləri ilə işləyirik. Sənaye 4.0 yanaşması nəticəsində böyük şirkətlərlə müqavilələr imzalanacaq. Azərbaycanda yaradılması planlaşdırılan 4.0 Sənaye Mərkəzində istehsal xətti olacaq. Burada insanlar təcrübələrini paylaşacaqlar. Bu məqsədlə digər böyük şirkətlərlə müqavilə imzalamışıq. Bu mərkəz sənaye üçün “vahid pəncərə” modelində fəaliyyət göstərəcək", - deyə F.Cəfərov qeyd edib.
“Coursera” platformasından 2026-cı ilin aprel ayınadək 70 min nəfərin istifadə edəcəyini planlaşdırıldığını deyən icraçı direktor son dörd ay ərzində 30 mindən çox Azərbaycan vətəndaşının qısa müddətdə təxminən 63 min sertifikat əldə etdiyini vurğulayıb: “Rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində isə 50-dən çox təşəbbüsün həyata keçirilməsi planlaşdırılır. Dəyişiklik etmək üçün yeni bacarıqlara, yeni institusional struktura və yeni texnologiyalara ehtiyac var. Biz alüminium istehsalı, qızıl hasilatı ilə məşğul olan “AzərGold”, boru istehsalı və digər sektorlarda fəaliyyət göstərən bir sıra şirkətlərə səfər etdik. Hazırda onların vəziyyətini öyrənirik və gələcəkdə nə etməli olduqlarını müəyyənləşdiririk, şirkətlərin biznes prosesləri, texnologiya və institusional tərəfdən ağıllı sənayeyə hazır olma səviyyəsi diaqnostika olunur. Sonra biz onlara rəqəmsal inkişaf və rəqəmsal dəstək proqramı təqdim edirik, yol xəritəsi veririk və həmin xəritəyə əsasən şirkətlər dəyişikliklərə başlayırlar”.