Noyabrdan “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına başlanılacaq VİDEO
Astana, 3 oktyabr, AZƏRTAC
Qazaxıstan Enerji Həftəsi mühüm beynəlxalq platformadır və Azərbaycan burada Mərkəzi Asiya ilə strateji enerji tərəfdaşlığı olan ölkə kimi iştirak edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov deyib.
O qeyd edib ki, Azərbaycanın Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri ilə ciddi strateji enerji tərəfdaşlığı mövcuddur.
“Özbəkistan və Qazaxıstanla birgə həyata keçirilən “Azərbaycan - Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə işlər fəal mərhələyə daxil olur. İnşallah noyabr ayından layihənin texniki-iqtisadi əsaslandırılmasına start veriləcək. Bir il ərzində bu əsaslandırmanın yekunlaşması və 2027-ci ildən etibarən kommersiya mərhələsinə başlanılması nəzərdə tutulur. Layihə çərçivəsində böyük həcmdə enerji resurslarının Mərkəzi Asiya və Azərbaycandan Avropa və digər regionlara nəqli planlaşdırılır”, - deyə Orxan Zeynalov qeyd edib.
Energetika nazirinin müavini bildirib ki, Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan vasitəsilə digər ölkələrə tranziti məsələsi çox perspektivli sahədir: “Azərbaycan regionda tranzit mərkəzinə çevrilməkdədir, bu bölgənin əsas açar ölkəsidir və Mərkəzi Asiyadan olan tərəfdaş ölkələr, o cümlədən Qazaxıstan Azərbaycanın rolunu yüksək qiymətləndirir”.
Nazir müavini əlavə edib ki, Zəngəzur dəhlizinin (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) açılması enerji resurslarının Türkiyə, Yaxın Şərq və Avropa ölkələrinə tranziti üçün yeni imkanlar yaradacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana