BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev AMEA-nın 80 illik yubileyinin, eyni xamanda, Azərbaycan elminin, milli düşüncəsinin və intellektual irsinin bayramı olduğunu söyləyib. “Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi barədə 2025-ci il 18 mart tarixli Sərəncamı akademiyanın ölkəmizdə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasındakı roluna verilən yüksək dəyəri bir daha sübut edir. Bu mühüm sənəddə akademiyanın ölkəmizdə elmin inkişafı, elmi fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasındakı böyük rolu xüsusi vurğulanır. Ümummilli Lider Heydər Əliyev elmin və təhsilin inkişafını həmişə ölkənin gələcəyi ilə birgə dəyərləndirirdi. Ulu Öndərin yaratdığı bu möhkəm elmi və mənəvi təməl üzərində Azərbaycanda elm bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu böyük ənənə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində fundamental islahatlar həyata keçirilir, elmin idarəetmə mexanizmi təkmilləşdirilir. Elmi nəticələrin innovasiyaya çevrilməsi, elm-universitet-sənaye əməkdaşlığının genişlənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.
Rektor bildirib ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradıldıqdan qısa müddət sonra ölkəmizin elmi həyatının mərkəzinə çevrildi, xalqımızın intellektual potensialının formalaşması, milli kimliyimizin elmi əsaslarla öyrənilməsi və qorunmasında mühüm rol oynadı. Akademiyanın yaranması Azərbaycanda elmin dövlət səviyyəsində təşkilatlanması, onun müstəqil inkişaf yoluna çıxması demək idi. Ancaq bu böyük elmi məktəbin kökləri daha qədimə - 1919-cu ilə gedir. Çünki o zaman yeni yaradılmış BDU-nun ilk professorları, ilk elmi laboratoriyaları, elmi məktəbləri sonradan AMEA-nın əsasını qoyan qüvvələrə çevrildilər: “Bakı Dövlət Universiteti Azərbaycan elminin beşiyidirsə, Azərbaycan Milli Elmlər Akademiyası onun yetkinlik zirvəsidir. Bu iki elmi mərkəz tarix boyu bir-birini tamamlayıb, bir-birinə dayaq olub. AMEA-nın yaranması və inkişafında BDU-nun rolu əvəzsizdir. 1926-1932-ci illərdə BDU-nun professor və məzunları Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun əsas elmi qüvvəsini təşkil edib, sonradan bu institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi yaradılıb. Sovet dövründə universitetin alimləri və məzunları akademiyanın elmi-tədqiqat bölmələrinin əsas heyətini təşkil edərək fundamental elmin inkişafında mühüm rol oynayıblar. Həbibulla Əmirxanov, Abdulla Qarayev, Aleksandr Makovelski kimi görkəmli alimlər, eləcə də akademiyanın təsisçilərindən olan Heydər Hüseynov, Yusif Məmmədəliyev, Aleksandr Qrossheym və Mirəli Qaşqay BDU-nu şərəflə təmsil edirdi. Ayrı-ayrı dövrlərdə iki dəfə Elmlər Akademiyasına rəhbərlik etmiş, dünyaşöhrətli alim Yusif Məmmədəliyev 1954-1958-ci illərdə BDU-nun rektoru kimi fəaliyyət göstərib. Bu gün də yüzlərlə BDU məzunu AMEA-nın müxtəlif institut və mərkəzlərində çalışır, elmin inkişafında, yeni istiqamətlərin formalaşmasında və beynəlxalq səviyyədə Azərbaycanda elmin nüfuzunun yüksəldilməsində mühüm rol oynayır. Onların uğurları BDU-nun elmi məktəblərinin, tədris ənənələrinin və mənəvi dəyərlərinin davamı kimi dəyərləndirilir. BDU ilə AMEA arasında bu mənəvi və elmi bağ ötən əsrdə olduğu kimi, bu gün də Azərbaycanda elmin inkişafının hərəkətverici qüvvəsidir. BDU və AMEA eyni elmi məfkurənin, milli intellektual inkişafın sütunlarıdır. Onların qarşılıqlı fəaliyyəti, elmi varislik və əməkdaşlıq ənənəsi bu gün də Azərbaycanda elmin gələcək uğurlarının əsasını təşkil edir”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın milli fikrin, elmin, ziyalılığın inkişafına dövlət qayğısının bariz nümunəsi olduğunu bildirib. O, AMEA-nın tarixi inkişaf mərhələlərinə nəzərə salıb, akademiyanın yüksəlişinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb: “AMEA-nın 1993-cü ildən sonrakı inkişafını “milli Akademiya quruculuğu” adlandırmaq olar. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilib. Bu fərman milli maraqlar və dövlətimizin mənafeyi çərçivəsində AMEA-nın inkişafını hədəfləyir. AMEA-nın 2003-2022-ci illər dövrünü innovasiya və modernləşmə, 2023-cü ildən sonrakı dövrünü isə yenilənmə və islahat mərhələsi hesab etmək olar”.
AMEA prezidenti qeyd edib ki, elm və ali təhsilin qarşılıqlı vəhdəti ölkəni irəli aparan əsas hərəkətverici qüvvədir. O, BDU ilə akademiyanın səmərəli əməkdaşlığının uğurla davam edəcəyini diqqətə çatdırıb.
Milli Məclis sədrinin müavini, BDU-nun professoru, akademik Rafael Hüseynov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxışlarında AMEA-nın respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz, Azərbaycan elminin inkişafı, milli ruhun yüksəlişində dayaq nöqtəsi olduğunu bildiriblər. Çıxışlarda AMEA alimlərinin milli-mənəvi dəyərlərimizin qorunmasına, milli mədəniyyətimizin, ədəbiyyatımızın, dilimizin inkişaf etdirilməsində müstəsna xidmətləri vurğulanıb.
Sonra AMEA-nın tarixi və fəaliyyəti haqqında videoçarx, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.