Direktor: Yeni Klinikada xəstələrin növbə saatında birbaşa həkim qəbuluna keçməsi təmin olunacaq VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Hansısa yenilik tətbiq edilərkən proqnozlaşdırdığımız və proqnozlaşdırmadığımız risklər olur. Biz Yeni Klinikada yenilik tətbiq edərkən proqnozlaşdırdığımız riskləri "Rəqəmsal tibbi həllər" layihəsi ilə öncədən görmüşdük. Sonradan daha başqa problemlər çıxdı. Yəni insanların birbaşa evdən növbəyə yazılaraq qeydiyyata deyil, həkimə yaxınlaşması halları ilə üzləşdik. Biz bunu öncədən proqnozlaşdırmamışdıq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Klinikanın direktoru Barat Yusubov deyib.
Onun sözlərinə görə, sonrakı dönəmdə bu problem aktuallaşdığı üçün yenidən texniki tapşırıq verilib və "Rəqəmsal tibbi həllər" də buna uyğun şəkildə hazırlanıb: "Böyük ehtimalla gələn il yanvar ayının sonundan vətəndaşlar xəstəxanada qeydiyyata yaxınlaşmadan birbaşa evdən növbəyə yazılıb, təsdiq olunmuş saatda həkim qəbuluna girə biləcəklər. Klinikada ən böyük problem insanların saat 5-6-da gəlib, xəstəxananın önündə növbəyə durmasıdır. Bundan sonra buna ehtiyac qalmayacaq. İnsanlar birbaşa növbə saatında gəlib, həkim qəbuluna keçə biləcəklər. Bununla da, növbə problemi tamamilə həllini tapmış olacaq".