Rektor: Qərbi Azərbaycan məsələsi hüquqi dövlətçilik baxımından konstitusiya və suverenlik kontekstində təqdim olunur VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
Dövlətimizin başçısının çıxışlarında dəfələrlə və qətiyyətlə vurğuladığı mühüm məsələlərdən biri Qərbi Azərbaycana qayıdış məsələsidir. Prezident İlham Əliyev bu məsələni heç vaxt revizionist yanaşma kimi deyil, hüquqi, mənəvi və humanitar problem kimi təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib. Rektor bildirib ki, bu mövzu əsasən üç fundamental prinsip üzərində qurulub. Birincisi, qayıdış yalnız sülh yolu ilə həyata keçirilməlidir. İkincisi, bu proses beynəlxalq hüquqa və insan hüquqları normalarına tam uyğun, ləyaqətli şəkildə baş verməlidir. Üçüncüsü isə qayıdış tarixi faktlara və ədalət prinsipinə əsaslanmalıdır.
“Bir daha vurğulamaq lazımdır ki, Qərbi Azərbaycan məsələsi hüquqi dövlətçilik baxımından konstitusiya və suverenlik kontekstində təqdim olunur. Bu, təkcə tarixi yaddaşın bərpası deyil, eyni zamanda, pozulmuş mülkiyyət və digər hüquqların bərpası məsələsidir”, - deyə rektor Elçin Babayev bildirib.