Elke Qriqlevski: Bergen-Belzen əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışından çox şadıq VİDEO
Berlin, 20 aprel, AZƏRTAC
Bergen-Belzen əsir düşərgəsində həyatını itirmiş azərbaycanlı hərbi əsirlərin xatirəsinə həsr olunmuş lövhənin açılışını həyata keçirdiyimiz üçün çox şadıq. Bu, ona görə vacibdir ki, Bergen-Belzenin təkcə konslager deyil, həm də çoxlu sayda insanın son dərəcə ağır şəraitdə saxlanıldığı hərbi əsir düşərgəsi olduğunu xatırlatmaq lazımdır.
Bu fikirləri Almaniyanın Aşağı Saksoniya Memoriallar Fondunun icraçı direktoru və Bergen-Belzen Memorialının rəhbəri Elke Qriqlevski media nümayəndələrinə müsahibəsində bildirib.
“Sovet Ordusunun tərkibində müxtəlif millətlərdən olan insanların olduğunu göstərmək böyük əhəmiyyət daşıyır. Bu baxımdan xatirə lövhəsinin açılışını Azərbaycan səfirliyi ilə birgə həyata keçirməkdən böyük məmnunluq duyuruq”, - deyə E.Qriqlevski qeyd edib.