Niklas Vaqner: Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin inkişaf dinamikası bizim üçün əhəmiyyətlidir VİDEO
Berlin, 22 aprel, AZƏRTAC
Bugünkü tədbir olduqca mühüm hadisədir, çünki burada əsas məqsəd hər iki ölkənin - Azərbaycanın və Almaniyanın parlamentlərini dialoqun mərkəzinə gətirməkdir.
Bu fikirləri Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner Azərbaycan və Almaniya parlamentarilərinin görüşü ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
“Ölkələrimiz arasında qurulmuş 34 illik diplomatik münasibətlər dövründə parlamentlər təbii ki, müstəsna rol oynayır, cəmiyyətlərimiz arasında körpü funksiyasını yerinə yetirirlər. İkitərəfli münasibətlərimiz həm siyasi, həm də xüsusilə iqtisadi müstəvidə qarşılıqlı maraqlara əsaslanır və biz bu əlaqələri daha da genişləndirmək niyyətindəyik”, - deyə N.Vaqner qeyd edib.
Almaniyanın hazırda regiondakı mürəkkəb geostrateji vəziyyəti diqqətlə izlədiyini vurğulayan N.Vaqner Azərbaycan və Cənubi Qafqazın digər ölkələrinin münaqişələrlə - şimalda Rusiya-Ukrayna müharibəsi, cənubda isə İrandakı gərginliklərlə əhatə olunduğunu bildirib: “Məhz bu səbəbdən regionunuz ciddi çağırışlarla üz-üzədir və biz fikir mübadiləsinin intensivləşdirilməsində maraqlıyıq. Azərbaycanın bu münaqişələrə baxışı və xüsusilə qonşular - Azərbaycan, Ermənistan və Türkiyə arasındakı münasibətlərin gələcək inkişaf dinamikası bizim üçün əhəmiyyətlidir”.
“Biz Ermənistan və Azərbaycan arasındakı normallaşma və sülh prosesini böyük maraqla müşahidə edirik. Azərbaycanın sülhün gətirəcəyi faydaları Ermənistan xalqına nümayiş etdirən addımlar atmasını yüksək qiymətləndiririk. Bu kurs, iyunda Ermənistanda keçiriləcək seçkilərdən sonra da birlikdə davam etdirilməlidir. Biz Ermənistana və Azərbaycana bu yolda ehtiyac duyulduğu və arzu olunduğu təqdirdə hər cür dəstək verməyə hazırıq”, - deyə Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.