Bakıda müxtəlif ölkələrin əczaçılıq sənayesindəki uğurlu təcrübələri bölüşülüb VİDEO
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də "Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı II beynəlxalq konfrans çərçivəsində “Yerli əczaçılıq sənayesinin strateji inkişafı” adlı müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə bir sıra dövlətlərin uğurlu təcrübələri bölüşülüb.
Konfransda çıxış edən Türkiyə Dərman və Tibbi Cihazlar Qurumunun rəhbəri Sevinc Ayla bildirib ki, ölkəsində əczaçılıq sənayesi dövlət tərəfindən dəstəklənir: "Türkiyənin regional ixrac mərkəzinə çevrilməsi üçün elmi dairələr, dövlət və sənaye nümayəndələri birlikdə işləyir. Türkiyənin dərman təşkilatının əməkdaşlarının böyük əksəriyyəti əczaçı və farmakoloqlardan ibarətdir. Yerli istehsal verilən icazələrin 80 faizini təşkil edir".
Özbəkistanın Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin rəhbəri Bahtiyorjon Rahimov qeyd edib ki, bu ölkədə dərmanlara böyük tələbat var: “İdxalımızın həcmi 2,75 milyard həcmindədir. 245 milyon həcmində isə ixracımız var. Hələlik idxal daha böyükdür. Biz daha çox bahalı dərmanları xarici ölkələrdən idxal edirik. İstehsalçılara yeni imtiyazlar tətbiq olunub. Gömrük rüsumları və ƏDV-dən də azad olunublar".
Macarıstanın Səhiyyə Xidmətlərinin İdarəedilməsi Tədris Mərkəzinin direktoru Miklos Szocska ölkəsində səhiyyə xidmətlərinin birsütunlu sistemdən başlayaraq inkişaf etməyə başladığını qeyd edib. O, süni zəkanın ölkəsinin səhiyyə sistemində tətbiqindən danışıb. İlk olaraq süni intellektin imkanlarından mammoqrafiya sahəsində istifadə etməyə başladıqlarını vurğulayıb. O, ölkəsində süni zəka müəssisələri yaratmağa başladıqlarını deyib.
Qazaxıstanın Səhiyyə Nazirliyinin İnvestisiya Layihələri İdarəsinin rəhbəri Minbay Raxat ölkəsində əczaçılıq sənayesinin inkişafından və müasir yanaşmalardan bəhs edib. O məqsədlərinin hər bir pasiyentin keyfiyyətli dərmanla təmin edilməsi olduğunu diqqətə çatdırıb.