“Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” - Konfrans VİDEO
Bakı, 4 may, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusuna həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə millət vəkilləri, zabitlər və veteranlar, ölkə ziyalıları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Odlar Yurdu Universitetinin tələbələri iştirak ediblər.
Konfransdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, həmçinin respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevə və akademik Zərifə Əliyevaya həsr olunan “Əsl məhəbbət haqqında” filmi nümayiş olunub.
Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, onların işıqlı ideyalarının bu gün də aktuallığını qoruyub saxladığını vurğulayıblar.
Əməkdar jurnalist Varis Yolçuyev hər iki tarixi şəxsiyyətin ömür və mübarizə yolunun gənclərə örnək olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan güclü dövlət modeli, milli maraqların qorunmasına əsaslanan strateji xətt və xalqla hakimiyyət arasında formalaşdırılan sarsılmaz etimad körpüsü bu gün də ölkəmizin tərəqqisinin əsas təminatlarından biridir.
Xalq şairi Sabir Rüstəmxanlı Ulu Öndər Heydər Əliyevin böyük dövlət xadimi kimi Azərbaycan xalqının həyatında, eləcə də mədəniyyətində oynadığı rola diqqət çəkib. Qeyd edib ki, Ümummilli Lider mədəniyyətin rolunu və əhəmiyyətini bildiyi üçün daim mədəniyyət xadimlərinin fikir və rəyləri ilə maraqlanır, mədəniyyət adamlarına xüsusi diqqət göstərirdi.
Millət vəkili Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin Vətən sevgisinin, daşıdığı və təbliğ etdiyi dəyərlərin hər bir azərbaycanlıya nümunə olduğunu bildirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyasından, bu ideyanın əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edənlər Ulu Öndərin ölkəmizin iqtisadi-siyasi həyatı ilə yanaşı, mədəni həyatında da mühüm rol oynadığını bildirib, bu istiqamətdə gördüyü işlərə diqqət çəkiblər. Ümummilli Liderin dövlət xadimi, akademik Zərifə Əliyevanın görkəmli oftalmoloq-alim kimi zəngin fəaliyyətinin miqyas və səmərəliliyi ilə heyranlıq doğurduğunu vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın cəmiyyətə təqdim etdiyi ailə modeli də saflığı, səmimiliyi, fədakarlığı ilə Azərbaycan gəncliyinə əbədi örnəkdir. Xalq yazıçısı Elmira Axundova Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyeva ilə bağlı maraqlı xatirələr səsləndirib, hər iki şəxsiyyətlə bağlı apardığı araşdırmalar nəticəsində əldə etdiyi məlumatları bölüşüb.