Muhammad Nasar Hayat: Azərbaycanda FAO-nun hökumətlə əməkdaşlığı ildən-ilə güclənir VİDEO
Bakı, 5 may, AZƏRTAC
Biz - FAO olaraq, ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatının inkişafına xidmət edən "Caspian Agro Week” platformasının bir hissəsi olmaqdan məmnunuq. Builki sərgi aqro-ərzaq sektoru üçün mühüm bir dövrə təsadüf edir. Təchizat zəncirlərindəki problemlər və iqlim dəyişiklikləri fonunda dayanıqlı, innovativ və özünü təmin edən kənd təsərrüfatının əhəmiyyəti daha da artır. Bu ilin proqramı da FAO-nun mandatı və Azərbaycanın prioritetləri ilə uyğunluq təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, iqlim dəyişməsi fermerlər üçün ciddi çağırışlar yaradır.
“Buna görə səmərəli su istifadəsi, sağlam torpaqlar, rəqəmsal alətlər və müasir yanaşmalar artıq seçim deyil, zərurətdir. “Caspian Agro Week” innovasiyaların praktik həllərə çevrilməsində mühüm rol oynayır. Azərbaycanda FAO-nun hökumətlə əməkdaşlığı ildən-ilə güclənir. Birgə layihələr çərçivəsində suvarma sistemlərinin təkmilləşdirilməsi, dayanıqlı torpaq və su idarəçiliyi, kooperativlərin gücləndirilməsi və fermerlərin təlimləndirilməsi istiqamətində işlər həyata keçirilir. Bu təşəbbüslər həm məhsuldarlığın artırılmasına, həm də kənd icmalarının inkişafına xidmət edir. Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafında mühüm yer tutur. FAO innovasiya, rəqəmsal transformasiya və iqlim dayanıqlılığı sahəsində fermerlərin inkişafını dəstəkləməyə davam edir. Əsl inkişaf isə yalnız birgə əməkdaşlıqla mümkündür. Hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr, fermerlər və icmalar birlikdə daha dayanıqlı və məhsuldar gələcək qurmaq üçün çalışmalıdırlar”, - deyə o qeyd edib.