Meksikalı nümayəndə: Şəhərlərin inkişafında inklüzivlik əsas çağırışdır VİDEO
Bakı, 19 may, AZƏRTAC
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya şəhərlərinin gələcəyi baxımından olduqca mühüm platformadır. Azərbaycanda olmaq və bu mövzuların qlobal səviyyədə necə müzakirə olunduğunu görmək çox maraqlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Meksikanın Guadalajara Universitetinin nümayəndəsi Eliot Vinsent Gomez Gonzalez deyib.
O bildirib ki, burada şəhərlərin necə yenidən qurulması, insanların daha yaxşı yaşayış şəraiti ilə təmin olunması və mənzil hüquqlarının gücləndirilməsi kimi vacib məsələlər müzakirə olunur.
"Bu gün bütün insanların şəhər inkişafı gündəliyində yer alması, təhlükəsiz yaşayış yeri əldə etməsi və bu hüquqlardan faydalana bilməsi dünyada qarşıda duran əsas çağırışlardan biridir. İnsanların bu məsələlər barədə daha məlumatlı və şüurlu olması çox vacibdir", - deyə o bildirib.
Meksika nümayəndəsi əlavə edib ki, universitetlər, cəmiyyət, dövlət və özəl sektor birlikdə çalışaraq daha yaxşı dünya qurmaq üçün ortaq fəaliyyət göstərməlidirlər.