“Fransa müsəlmanları” portalının təsisçisi: Bakı Təşəbbüs Qrupu dekolonizasiya uğrunda mübarizə aparan xalqlara söz verir VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
Bakı Təşəbbüs Qrupu dekolonizasiya və neokolonializmə qarşı mübarizə aparan xalqlara, yerli mədəniyyətlərə və indiyədək səsi eşidilməyən insanlara söz verməklə mühüm iş görür.
Bu fikirləri “Fransa müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brun Bakıda keçirilən tədbir çərçivəsində AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, Bakı Təşəbbüs Qrupu icraçı direktor Abbas Abbasovun rəhbərliyi ilə dekolonizasiya uğrunda mübarizə aparan xalqların səsini beynəlxalq ictimaiyyətə çatdırır: “Bu, son dərəcə vacib təşəbbüsdür. Çünki bu platforma uzun illər səsi eşidilməyən xalqlara, yerli icmalara və mədəniyyətlərə fikir söyləmək haqqı qazandırır”.
Jan-Mişel Brun qeyd edib ki, medianın dekolonizasiya prosesində xüsusi rolu var. Onun sözlərinə görə, xalqların müstəmləkələşdirilməsi təkcə siyasi və iqtisadi deyil, həm də mədəni müstəvidə həyata keçirilib.
“Deməli, dekolonizasiya da mədəniyyət vasitəsilə baş verməlidir. Mətbuat bu prosesdə mühüm missiya daşıyır. Çünki media uzun illər gizlədilməyə çalışılan tarixi yenidən gündəmə gətirir, həqiqətlərin üzə çıxmasına və xalqların öz tarixi yaddaşını bərpa etməsinə töhfə verir”, – deyə o vurğulayıb.