Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Yay mövsümündə çimərliklərə üz tutanların təhlükəsizliyinin təmin olunmasında xilasedicilərin üzərinə böyük məsuliyyət düşür.
AZƏRTAC-ın əməkdaşları onların bu məsuliyyəti necə daşıdıqlarını, vətəndaşların təhlükəsizliyini hansı səviyyədə qoruduqlarını müşahidə etmək uçun “Şıxov” çimərliyində olublar.
Çimərlik xilasedicilərin nəzarətindədir
“Şıxov” çimərliyində ilk gözə dəyən məntəqələrdən biri Fövqəladə Hallar Nazirliyinin (FHN) müşahidə qülləsidir. Burada müşahidə aparan xilasedicilər, ilk növbədə, xəbərdarlıq nişanlarını üzüb keçən vətəndaşlara səslənirlər, onları qaydalara əməl etməyə çağırırlar. Müşahidə qülləsində keşik çəkən xilasedici tez-tez elektron rabitə vasitəsilə iş yoldaşı ilə əlaqə yaradır. Onlar müvafiq məlumatları bir-birilərinə çatdırırlar.
Dənizdə isə kiçikhəcmli gəmi və sürətli qayıqlarda monitorinq aparan xilasedicilər keşik çəkirlər. Onlar məhdudlaşdırıcı nişanları keçənləri xəbərdar edir, onları geri qaytarırlar.
Sahildə də xilasedicilər müvafiq istiqamətdə iş aparır, vətəndaşları dənizdə təhlükəsiz çimməklə bağlı məlumatlandırırlar.
Batmaq təhlükəsi ilə üzləşən şəxslərə kömək göstərilir
AZƏRTAC-ın əməkdaşları “Şıxov” çimərliyində olarkən dənizdə batmaq təhlükəsi ilə üzləşən bir nəfərin xilas edilməsi prosesini də izləyiblər. Belə ki, müşahidə qülləsinə 50 metr aralıda – dənizdə bir şəxsin batması barədə məlumat daxil olub. Bununla əlaqədar, xilasedicilər dərhal sürətli qayığı işə salaraq onun köməyinə gediblər.
Xilasedicilərdən biri suya tullanaraq boğulma təhlükəsi ilə üzləşən şəxsi qayığın göyərtəsinə çıxarıb. Bundan sonra sahilə yan alan xilasedicilər boğulan şəxsi qayıqdan düşürüb, həkiməqədər müddətdə onun udduğu suyu orqanizmdən xaric etmək üçün səfərbər olublar.
Sudaboğulmaya səbəb olan əsas amillər
Motros-xilasedici Cavad Cavadlı deyib ki, sudaboğulma hallarına spirtli içki qəbul edərək və ya küləkli havada dənizə girənlər, məhdudlaşdırıcı şarları keçənlər, eləcə də qeyri-çimərlik ərazilərdə çimənlər arasında daha çox rast gəlinir. O qeyd edib ki, sudaboğulma əksər hallarda vətəndaşın üzməyi bacarmaması ilə bağlı olmur. Bu, bir sıra digər amillər səbəbindən yaranır: “Əsas risklər sırasında üzgüçülük bacarığının kifayət qədər olmaması, təhlükəsizlik qaydalarına əməl edilməməsi, dənizdə güclü dalğa və cərəyan, eləcə də insanın fiziki imkanlarını düzgün qiymətləndirməməsi dayanır. Xüsusilə, nəzarətsiz ərazilərdə və xilasedicilərin olmadığı yerlərdə çimmək boğulma riskini əhəmiyyətli dərəcədə artırır. Güclü külək və dalğalı hava şəraitində dənizə girmək, sahildən uzağa üzmək və dərinliyə nəzarətsiz keçmək də təhlükəli hesab edilir. Uşaqların suda nəzarətsiz qalması da boğulma hallarının əsas səbəblərindən biridir”.
Çimərlik mövsümündə 4 nəfəri ölümdən qurtardığını söyləyən Cavad Cavadlı bildirib ki, xilasetmə işi onun üçün sadə iş deyil, missiyadır.
Dənizdə batmamaq üçün nə etmək lazımdır?
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru kapitan Fərid İlhamoğlu bildirib ki, təmsil olunduğu qurumun nəzarət etdiyi çimərliklərdə monitorinqlər aparılır, 1 metr 75 santimetr dərinlikdə üzmə sərhədi müəyyənləşdirilir. O cümlədən çimərliklərin girişlərində məlumatlandırıcı lövhələr yerləşdirilir: “Dənizdə ən təhlükəsiz istirahət vaxtı saat 9:00-dan 20:00-dəkdir. Çünki xilasedicilər bu vaxtlarda vətəndaşların həyat və sağlamlıqlarının keşiyində olurlar”.
O qeyd edib ki, maarifləndirmə işlərinə və xəbərdarlıqlara baxmayaraq, qeyri-çimərlik ərazilərdə, eləcə də digər təhlükəli su hövzələrində təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir. Bu da bir çox hallarda acı sonluqla nəticələnir: “Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, çimərlik kimi fəaliyyət göstərməyən ərazilərdən istifadə etməməyə, təhlükəsizlik qaydalarına əməl etməyə, küləkli havada dalğalı dənizə daxil olmamağa, uşaqları nəzarətsiz buraxmamağa və sərxoş halda dənizə girməməyə çağırır. Axşam düşəndən sonra dənizdə olmaq təhlükəlidir”.
FHN-in rəsmisi vurğulayıb ki, sudaboğulma hallarının qarşısının alınmasında ən mühüm şərtlərdən biri çimərliklərdə müəyyən olunmuş qaydalara riayət etmək, xilasedicilərin xəbərdarlıqlarını nəzərə almaq və yalnız təhlükəsiz, nəzarət olunan ərazilərdə çimməkdir. O bildirib ki, monitorinqlər zamanı çimmək üçün təhlükəli hesab edilən ərazilər müəyyən olunub. “Mərdəkan və Şüvəlan qəsəbələrinin ərazisində yerləşən “Şimal Qres” və “Mil Qaya”, Bilgəh və Nardarandakı “On ikinci dalan” və “Daçnik” adı ilə tanınan ərazilər, Novxanı və Saray qəsəbələri arasındakı “Sarı Qaya”, həmçinin Sahil qəsəbəsində yerləşən “Mayak” adı ilə tanınan yerlər ən təhlükəli ərazilər kimi qeydə alınıb. Bu yerlərdə sualtı axınların, mürəkkəb sualtı relyefin, yarğan və çuxurların olması insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Vətəndaşlara belə ərazilərdən uzaq durmaları tövsiyə edilir. Onlar yalnız nəzarət olunan və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməlidirlər”, - deyə inspektor vurğulayıb.