Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub VİDEO
Laçın, 21 avqust, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və ekspertiza işləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən şəhid Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları doğma torpağına gətirilərək Laçın şəhər Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Laçın şəhərində itkin şəhidlə vida mərasimi keçirilib. Din xadimlərinin iştirakı ilə şəhidin ruhuna dualar oxunub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, doğmaları, Laçın Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Vətən uğrunda canından keçən igidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların qanının yerdə qalmadığını və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunması sayəsində şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıblar.
Vida mərasimindən sonra şəhidin cənazəsi Laçın Şəhər Şəhidlər xiyabanına gətirilib. Cümşüd Məmmədov hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və yaylım atəşinin müşayiəti ilə hərbi ənənələrə uyğun olaraq torpağa tapşırılıb.
Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci ildə Laçın rayonunun Zabux kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Cümşüd Məmmədov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.
Müxbir - Aydın Yavərzadə