“Corriere dello Sport”un baş redaktoru: “Sabah”ın Avropadakı uğuru ölkədə idmana göstərilən diqqətin nəticəsidir – EKSKLÜZİV VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasında İtaliyanın “Napoli” komandası ilə üz-üzə gələcək Azərbaycan çempionu “Sabah”ın bu tarixi qarşılaşması və ölkə futbolunun son illərdəki inkişaf dinamikası beynəlxalq idman mətbuatının da diqqət mərkəzindədir.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlanmasında İtaliyanın aparıcı idman qəzetlərindən olan “Corriere dello Sport”un baş redaktoru İvan Zazzaroni deyib.
Onun sözlərinə görə, “Sabah”ın Avropa arenasındakı uğuru ölkədə idmana göstərilən diqqətin və ümumi yüksəlişin məntiqi nəticəsidir.
“Azərbaycanda idmanın müxtəlif sahələrində, o cümlədən futbol və Formula 1 kimi mötəbər layihələrdə nəzərəçarpan inkişafın olması çox müsbət haldır. Futbol böyük kütləvi maraq doğuran sahədir və qazanılan uğurlar bu idman növünün tərəqqisinə mühüm təkan verir. Düşünürəm ki, “Sabah” ölkənin idman sahəsindəki ümumi inkişafının vacib hissəsidir. Sıfırdan başlayan layihələrin adətən böyük potensialı olur, lakin sabit uğur qazanmaq üçün zamana və ardıcıl işə ehtiyac var”, - deyə İvan Zazzaroni vurğulayıb.
İtalyan mütəxəssis “Qarabağ”ın Avrokuboklardakı uğurlarının digər klublara da müsbət təsir etdiyini vurğulayıb: “Qarabağ” qısa müddətdə şaquli xətt boyunca təəccüblü dərəcədə yüksəldi və rəqabətədavamlı komandaya çevrildi. Bu çıxışlardan bütün Azərbaycan futbolu faydalandı və digər klublarda da canlılıq yarandı. İndi isə biz “Sabah”ı görürük. Təbii ki, ilk ildən Çempionlar Liqasını qazanmağı gözləmək çətindir, lakin bu, böyük bir addımdır”.
“Napoli” ilə keçiriləcək matçın çətinliyindən danışan baş redaktor İtaliya təmsilçisinin favoriti olduğunu gizlətməyib.
“Napoli” şübhəsiz ki, təcrübə və heyət keyfiyyəti baxımından üstündür. Komanda hazırda heyətin yenilənməsi mərhələsini yaşayır və bəzi zədəli oyunçuların yoxluğundan əziyyət çəkir. Lakin fasilədən sonra aparıcı futbolçuların sıraya qayıtması ilə daha yaxşı forma bərpa olunacaq. Kağız üzərində bərabər səviyyəli görünməyən bir qarşılaşma olsa da, bu yeni komandanın İtaliya nəhənginə qarşı necə təsir bağışlayacağını görmək bizə də çox maraqlıdır”, - deyə İ.Zazzaroni əlavə edib.
Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah” İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Bakı klubu ilk matçında İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.
Müxbir – Cavid Əliyev