“Qızlar bulağı” – Naxçıvanın daş yaddaşından süzülən əfsanə VİDEO
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: “Qızlar bulağı”.
Naxçıvan şəhərinin qədim və yaddaşlara hopmuş məkanlarından biri də “Qızlar bulağı”dır. Haqqında rəvayətlər söylənən, nəğmələr qoşulan bu bulaq şəhərin zəngin folklor və mədəni irsinin izlərini yaşadır.
Bulaq əsrlər boyu şəhər sakinlərinin üz tutduğu, xüsusilə qızların bir araya gəldiyi məkan kimi tanınıb. Xalq arasında bulağın adının yaranması ilə bağlı müxtəlif rəvayətlər dolaşır. Deyilənə görə, qədim zamanlarda şəhərin alagözlü, ismətli qızları səhərin erkən çağında, Günəş doğmamış bulağın başına toplaşar, buz kimi sərin sudan içər, ürəklərində tutduqları arzuların həyata keçməsi, xoşbəxt gələcək və gözəl tale üçün dualar edərdilər.
“Qızlar bulağı” zamanla yalnız su mənbəyi deyil, həm də insanların görüşdüyü, söhbətləşdiyi, xoş xatirələrini bölüşdüyü məkanlardan birinə çevrilib. Bulağın adı ətrafında formalaşan rəvayətlər isə nəsildən-nəslə ötürülərək bu günədək yaşadılır. Bulaq yerli sakinlərlə yanaşı, şəhərə gələn qonaqların, turistlərin də maraq göstərdiyi məkanlardan biridir.
Naxçıvanın hər qarışını poeziyasına gətirən nəğməkar şair İslam Səfərli də “Qızlar bulağı”na eyniadlı şeir həsr edib. Şair bulağın səhər mənzərəsini bu misralarla canlandırır:
Dan sökülür,
Nur tökülür.
Üfüqlərin dodağından.
Gənclər durur,
Su doldurur
Bizim “Qızlar bulağı”ndan ...
Müxbir - Nail Əsgərov