SİYASƏT
Malayziyada Azərbaycanın milli bayramı - Respublika Günü qeyd edilmişdir VİDEO
Kuala-Lumpur, 29 may (AZƏRTAC). Mayın 28-də Azərbaycanın Malayziyadakı səfirliyi Kuala Lumpur şəhərinin mərkəzində yerləşən “Renaissance” otelində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Tədbirdə Malayziyanın dövlət və hökumət rəsmiləri, KİV və ictimaiyyət nümayəndələri, iş adamları, diplomatik korpusun və bu ölkədəki Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra Malayziyanın nəqliyyat nazirinin müavini Datuk Abdul Aziz Kapravi Azərbaycan Prezidentini və xalqını bayram münasibətilə təbrik etmişdir.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev müsəlman Şərqində ilk dəfə demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzmini ortaya qoymasından danışmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqı bütün təzyiqlərə sinə gərərək yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etmiş, ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi ilə Vətənimizin suverenliyi qətiyyətlə qorunub möhkəmləndirilmişdir. Diplomat Ulu Öndərin əzmkar səyləri ilə ölkəmizin davamlı inkişaf strategiyasının əsasının qoyulduğunu bildirmişdir.
Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin daxili və xarici siyasətdə əldə etdiyi möhtəşəm uğurları, ölkəmizin bütün istiqamətlər üzrə inkişafını xüsusi qeyd etmişdir.
Sonra Azərbaycan Xalq Cümhuriyyəti, onun şərəfli tarixi, ölkəmizin müstəqillik yolu və son illər qazandığı nailiyyətlərdən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Ölkəmizin hərtərəfli inkişafını və nailiyyətlərini əks etdirən müxtəlif nəşrlərdən ibarət sərgi mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmış, iştirakçılara ingilis dilində nəşr olunan “İrs-Heritage” jurnalının yeni nömrəsi paylanmış, dövlət bayramı münasibətilə ziyafət verilmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur