Argentinanın “TELAM” Agentliyinin yeni “ANSUR” informasiya portalında Azərbaycan bölməsi də fəaliyyət göstərəcəkdir
Bu barədə AzərTAc-da keçirilən görüşdə “TELAM”Agentliyinin rəsmisi Xuan Manuel Fonruge məlumat vermişdir VİDEO
Bakı, 3 iyun (AZƏRTAC). Bu yaxınlarda Argentinanın “TELAM” Agentliyinin yeni “ANSUR” informasiya portalı fəaliyyətə başlayacaqdır. Portalda Azərbaycan bölməsi də fəaliyyət göstərəcəkdir. Bölmədə Azərbaycan ilə bağlı ən son yeniliklər ispan, ingilis və portuqal dillərində veriləcəkdir. Hətta xəbərlərin Azərbaycan dilində də verilməsi nəzərdə tutulur.
Bu sözləri Argentinanın “TELAM” Agentliyinin İnstitusional əlaqələrin inkişafı üzrə meneceri, Latın Amerikası Ölkələri İnformasiya Agentlikləri Birliyinin (ULAN) sədri Xuan Manuel Fonruge iyunun 3-də AZƏRTAC-da keçirilən görüşdə demişdir.
İspaniyanın “EFE” Agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvonun və Argentinanın ölkəmizdəki səfirliyinin konsulu Qabriel Alexandro Xorqueronun da iştirak etdikləri görüşdə Xuan Manuel Fonruge bildirmişdir ki, yeni portalın Braziliya, Portuqaliya və digər ölkələrə də çıxışı olacaqdır. Bu baxımdan Azərbaycanın ictimai-siyasi və mədəni həyatı, turizm imkanları daha geniş coğrafiyada təbliğ olunacaqdır.
Qonaqlara AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilmişdir. AZƏRTAC ilə İspaniyanın “EFE” və Argentinanın “TELAM” agentlikləri arasında yaxın əlaqələrin olduğunu söyləyən baş direktor Aslan Aslanov bu qurumların nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini də diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, dünyada mövqeləri gündən-günə möhkəmlənən Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində əsas oyunçuya çevrilmişdir. Artıq inkişafın Azərbaycan modeli aparıcı beynəlxalq qurumlar tərəfindən öyrənilir.
Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcəyini diqqətə çatdıran baş direktor Aslan Aslanov bu nailiyyətlərin artıq dünya informasiya məkanına çıxmış AZƏRTAC-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açacağını xüsusi vurğulamışdır.
Tərəflər növbəti illərdə hər iki agentlikdə müxbir məntəqələrinin açılacağı təqdirdə əlaqələrin daha da gücləndirilməsi məqsədilə hər cür şəraitin yaradılmasının mümkünlüyünü qeyd etmişlər.
Ölkəmizin sürətli inkişafından məmnunluq duyduğunu bildirən və əməkdaşlığın informasiya sahəsində dinamik inkişafından danışan İspaniyanın “EFE” Agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo təmsil etdiyi qurumda turizm bölməsinin fəaliyyət göstərdiyini və bu bölmədə Azərbaycan ilə bağlı foto, video və xəbərlərin yerləşdirilməsi ilə bağlı təkliflə çıxış etmişdir.
Argentinanın ölkəmizdəki səfirliyinin konsulu Qabriel Alexandro Xorquero Azərbaycanın təbii ehtiyatlarla yanaşı, insan resursları ilə də zəngin olduğunu bildirmiş, ölkələrimiz arasında mədəniyyət, turizm sahəsindəki əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunmuşdur.
Görüşdə agentliklərimizin uğurlu əməkdaşlığının xalqlar arasında mətbuat sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilmiş, ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Qonaqlar AZƏRTAC-ın Azərbaycan, ingilis, rus, fransız dillərində informasiya redaksiyalarının fəaliyyəti ilə tanış olmuşlar.