SİYASƏT
Yaponiyanın “Kioto Shimbun” qəzetində “Azərbaycan ilə dostluğu gücləndirək” sərlövhəli məqalə dərc olunmuşdur VİDEO
Tokio, 11 iyun (AZƏRTAC). Yaponiyanın “Kioto Shimbun” qəzetində Azərbaycanın bir sıra rayon və şəhər icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyətinin Kioto şəhərinə səfəri ilə bağlı “Azərbaycan ilə dostluğu gücləndirək” sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə qeyd edilir ki, Yaponiyada işgüzar səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 5-də Kansay regionuna səfər çərçivəsində Kioto şəhər meriyasında olmuşdur. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə şöbəsi müdirinin müavini Hüseyn Mövsümov rəhbərlik etmişdir.
Yazıda ölkəmizin coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rolu barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, Azərbaycanın yüksək vəzifəli şəxslərinin daxil olduğu nümayəndə heyəti iyunun 1-dən Yaponiyada işgüzar səfərdədir. Səfərin məqsədi mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.
Məqalədə Azərbaycanın son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildiyi xüsusi vurğulanır. Qeyd edilir ki, Yaponiyaya ilk dəfə səfər edən nümayəndə heyəti regionun digər ölkələrində də olmuşdur. Bildirilir ki, Kiotonun meri Daisaku Kadokava ilə keçirilən görüşdə iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi müzakirə olunmuşdur.
Müəllif nümayəndə heyətinin rəhbəri Hüseyn Mövsümova istinadən Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dinamik inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırır, iki ölkənin regionları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edir.
Yazıda Kiotonun meri Daisaku Kadokavanın da fikirlərinə yer verilir. Merin görüşdə Azərbaycanın sürətli inkişafı barədə məlumatlı olduqlarını bildirdiyi, bundan sonra iki ölkə arasında regional əməkdaşlığın genişlənməsinə xüsusi önəm verəcəklərini qeyd etdiyi diqqətə çatdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio