SİYASƏT
Yeni Azərbaycan Partiyası Şamaxıda “Qurtuluşdan başlanmışdır bu inkişaf” mövzusunda konfrans keçirmişdir VİDEO
Ağsu, 14 iyun (AZƏRTAC, Adil Ağayev). İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi aparatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Şamaxıdakı “Samaxi Palace Platinum By - Rixos” otelində “Qurtuluşdan başlanmışdır bu inkişaf” mövzusunda konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Yeni Azərbaycan Partiyasının Şamaxı, Qobustan, İsmayıllı, Göyçay və Ağsu rayonlarından olan fəalları konfransda iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov 1993-cü il iyunun 15-də dahi siyasi və dövlət xadimi ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişinin böyük siyasi hadisə, milli qurtuluşumuzun başlanğıcı olduğunu diqqətə çatdırmışdır. Natiq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz nailiyyətləri də məhz bu möhtəşəm qayıdışın məntiqi nəticəsi kimi dəyərləndirmişdir.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, parlamentin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev böyük qayıdışın Azərbaycanın, onun xalqının gələcəyi və xoşbəxtliyi üçün yeganə siyasi hadisə olduğunu konkret faktlarla şərh etmişlər.
Konfrans iştirakçılarının diqqətini ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdəki duruma cəlb edən natiqlər göstərmişlər ki, o vaxtlar dövlət dağılmaq ərəfəsində, vətəndaş müharibəsi həddində idi. Separatçılıq meylləri baş qaldırmışdı. Ərazilərimiz bir-birinin ardınca işğal olunurdu, iqtisadiyyat demək olar ki, dağılmışdı. İnflyasiyanın səviyyəsi 1700 faizə çatmışdı. Manatın dəyəri rubla nisbətən 9 dəfə, ABŞ dollarına nisbətən isə 250 dəfə ucuzlaşmışdı. Hər il istehsal orta hesabla 20 faiz azalırdı.
Ölkədə iqtisadi, siyasi vəziyyəti, yaşanan xaosu ətraflı təhlil edən natiqlər məhz Ulu Öndərin hakimiyyətə qayıdışının yeganə çıxış yolu olduğunu bildirmişlər.
Qeyd olunmuşdur ki, SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri, zəngin dövlətçilik və siyasi təcrübəsi olan Heydər Əliyev tarixi qayıdışla qısa vaxtda ölkəmizdə sabitlik yaratmış, Azərbaycanı parçalanmaqdan xilas etmiş, iqtisadiyyatın bərpası üçün islahatlara başlamışdır. Torpaq onu becərənlərə verilmiş, bazar iqtisadiyyatı formalaşdırılmışdır. “Əsrin müqaviləsi”nin imzalanmasına nail olunmuş, ölkəyə xarici sərmayələr cəlb edilmişdir. Bütün bunlar da dahi lider Heydər Əliyev fenomeninin təntənəsi idi.
Konfransda bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafından, ölkədə həyata keçirilən iri beynəlxalq layihələrdən, əhalinin sosial təminatından, bölgələrdə aparılan böyük tikinti-quruculuq işlərindən, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasından, sosial müdafiəsindən və s. geniş bəhs edilmiş, bütün bunların böyük qayıdışın, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi olduğu vurğulanmışdır.