SİYASƏT
Növbəti regionlararası forum Rusiyanın dörd regionundan birində keçirilə bilər VİDEO
Qəbələ, 23 iyun (AZƏRTAC, Elşən Şahbalayev). Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarətin həcminin artması davamlı xarakter daşıyır.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bu fikri Qəbələdə keçirilən “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil edilmiş mətbuat konfransında söyləmişdir.
Nazir bildirmişdir ki, Qəbələdə keçirilən yubiley forumunda 500-dən çox nümayəndə, o cümlədən Rusiyanın 25 regionunun təmsilçiləri iştirak edir. O demişdir: “Bizi sevindirən təkcə kəmiyyət göstəricilərinin yaxşılaşması deyil, həm də qarşılıqlı ticarətin həcminin artaraq 3,5 milyard dolları aşmasıdır”.
İ.Slyunyayev demişdir ki, qarşılıqlı ticarətə neft-qaz, maşınqayırma, energetika və kənd təsərrüfatı sahələrində çalışan 500-dən çox şirkət cəlb edilmişdir.
Nazir növbəti forumun Rusiyada keçiriləcəyini qeyd edərək demişdir: “Altıncı forumu Rusiya öz ərazisində keçirəcəkdir. Yekaterinburq, İnquş Respublikası, Stavropol diyarı və Dağıstan həmin foruma ev sahibliyi etmək arzusunu bildirmişlər”.
Rusiyalı nazir Qəbələdə keçirilən forumun yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulamışdır.