İQTİSADİYYAT


7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür

Bakı, 7 dekabr (AZƏRTAC). 1994-cü ildə Beynəlxalq Mülki Aviasiya Konvensiyasının imzalanmasının 50 illiyi ilə əlaqədar olaraq 1996-cı il dekabrın 6-da BMT Baş Məclisi tərəfindən “7 dekabr - Beynəlxalq Mülki Aviasiya Günü” elan olunmuşdur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Fərmanı ilə yaradılmışdır və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycanda “Mülki Aviasiya Günü” 2 iyun tarixində qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır.

Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilmişdir. Lakin hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər görülmüşdür. Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilmişdir. Ölkəmizdə ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilmiş və 2 ildən sonra istifadəyə verilmişdir.

1970-ci illərdə-ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada mülki aviasiyanın inkişafı üçün böyük işlər görülmüşdür. O illərdə 11 rayonda, həmçinin Naxçıvanda, Gəncədə, Lənkəranda və Dağlıq Qarabağda YAK-40 reaktiv təyyarələrinin qəbul edilməsi üçün süni örtüklü uçuş-enmə zolaqları istifadəyə verilmişdir.

Ulu öndərin təşəbbüsü ilə 1970-80-ci ilərdə mülki aviasiyamızda TU -134, TU-154, YAK -40 reaktiv təyyarələri və Mİ-2, Mİ-6 vertolyotları sərnişinlərin istifadəsinə verilmişdir.

1992-ci ildə Azərbaycan Hava Yolları Dövlət Konserni yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı mülki aviasiyamızın tarixində yeni eranın başlanğıcı olmuşdur. 1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaranmışdır. Bu gün akademiyada peşəkar kadrlar-təyyarəçilər, aviasiya mühəndisləri, uçuşların təminatı üzrə mütəxəssislər hazırlanır.

1999-cu ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycan aviasiyasında əlamətdar hadisə olmuşdur. Bu, həm də Azərbaycan Hava Yolları Konserninin dünya miqyasında qəbul edilməsi və özünün yeni inkişaf mərhələsinə daxil olunmasında mühüm vasitəyə çevrilmişdir.

Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mülki aviasiyanın infrastrukturunun yenidən qurulması istiqamətində ciddi layihələr həyata keçirilmişdir. Qəbələdə, Zaqatalada yeni hava limanları tikilib istifadəyə verilmiş, sərnişinlərə xidmət etmək üçün ən müasir təhlükəsiz təyyarələr alınmışdır.

Bu gün Azərbaycanın aviasiya işçiləri ölkəmizi dünyanın müxtəlif qitələri ilə birləşdirən hava marşrutlarında sərnişinlərə nümunəvi xidmət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.