İDMAN
Baş məşqçi Nuripaşa Talibov: “Dörddəbir final görüşlərindən sonra yarımfinala yüksələn kollektiv “Baku Fires” olacaq VİDEO
Quba, 5 may, Elxan Yusifli, AZƏRTAC
Quba Olimpiya İdman Kompleksində “Baku Fires” komandasının “Mexico Guerreros” klubu ilə ilk dörddəbir final qarşılaşması çərçivəsində mayın 5-də mətbuat konfransı və çəki mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Baku Fires” komandasının baş məşqçisi Nuripaşa Talibov mayın 6-da keçiriləcək ilk görüşdə qələbəyə iddialı olduğlarını bildirib: “Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizənin başa çatdığını nəzərə alaraq ehtiyat qüvvəyə şans vermişik. Bu görüşdə komandamızın heyətində üç boksçu – Yaraş Maqomedov, Zaur Abdullayev və Leonid Çernobayev debüt edəcək. Debüt edən boksçularımız kifayət qədər təcrübəlidirlər. İnanıram ki, dörddəbir final görüşlərindən sonra yarımfinala yüksələn kollektiv “Baku Fires” olacaq. Amma bu, o qədər də asan deyil. Meksika klubu isə “Baku Fires” ilə görüşə güclü heyətlə çıxacaq.”
“Mexico Guerreros” komandasının meneceri Dario Alfaro da yarımfinala çıxmağa ümidli olduqlarını açıqlayıb: “Uzun yol qət etmişik. Yarışların reqlamentinə əsasən dörddəbir finalın hər iki qarşılaşmasını səfərdə keçirməyimizə baxmayaraq, qələbə qazanacağımıza inanıram. Peşəkarlar üçün qarşılaşmanın harada keçirilməsi bir o qədər də əhəmiyyət daşımır. Biz Qubaya ən güclü boksçularımızla gəlmişik və burada qələbə qazanmaq istəyirik”.
Mətbuat konfransında məlumat verilib ki, yarışın ilk günündə çəkisi 49, 56, 64, 75, 91 kiloqram olan boksçular rinqə çıxacaqlar. Rəsul Saliyev (49 kq, “Baku Fires”) Jozelito Velaskes Altimirano (“Mexico Guerreros”), Yaraş Maqomedov (56 kq) Alfredo Çirno Sançes, Zaur Abdullayev (64 kq) Raul Kuriel Qarsiya, Jaba Xositaşvili (75 kq) Rodrigez Olivas, Leonid Çernobayev (91 kq) isə Kastillyo Torres ilə qarşılaşacaq.
Mayın 6-7-də keçiriləcək iki görüşün nəticəsinə görə qalib komanda yarımfinalda liqanın son çempionu “Cuba Domaderos”la üz-üzə gələcək və hər iki qarşılaşma rəqib meydanında təşkil olunacaq.