REGİONLAR
İranın “Lian” folklor qrupu Şəkidə musiqisevərlər üçün ustad dərsi keçib VİDEO
Şəki, 23 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Avqustun 23-də “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində Şəkidəki “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində İran İslam Respublikasının “Lian” folklor qrupu musiqisevərlər üçün ustad dərsi keçib.
AZƏRTAC xəbər verir ki, tədbiri festivalın təşkilatçılarından biri olan “Natiq ritm” qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov açaraq ölkəmizdə, eləcə də Qafqazda ilk dəfə keçirilən beynəlxalq zərb alətləri festivalının milli musiqimizin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, 1993-cü ildə yaradılan “Lian” musiqi qrupu İranın ən tanınmış folklor qruplarından biridir. Kollektiv ABŞ, Fransa, Xorvatiya, İsveçrə, İtaliya və Bolqarıstanda keçirilən beynəlxalq festivallarda və tədbirlərdə iştirak edib. Qrup dəfələrlə beynəlxalq festivalların mükafatlarına layiq görülüb.
Ustad dərsi zamanı qrupun üzvləri tamaşaçılara ifa etdikləri musiqi alətləri və ritmlər barədə ətraflı məlumat veriblər.
Musiqi qrupunun təqdim etdiyi kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.