SİYASƏT
Leonid Slutski: ATƏT/DTİHB başqalarının əlində oyuncağa çevrilib VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməkdən imtinasını bu qurumun başqalarının gözündə çöp axtarması kimi qiymətləndiririk.
Bu sözləri noyabrın 1-də jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının və Rusiya Dövlət Dumasının müşahidəçilər missiyasının rəhbəri Leonid Slutski deyib.
L.Slutski bildirib ki, beynəlxalq miqyasda Azərbaycana və Rusiyaya qarşı təzyiqlər artır.
Müşahidə missiyasının rəhbəri vurğulayıb ki, Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunub və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bunu çox yaxşı bilir. Lakin okeanın o biri tayından onlara məsləhət görüblər ki, Azərbaycandakı seçkiləri izləməyə getməsinlər. Çünki bilirdilər ki, mənfi hal olmayacaq. Onların seçkiləri müşahidə etməkdən imtinası onu göstərir ki, bu struktur artıq əhəmiyyətini itirib və başqalarının əlində oyuncağa çevrilib.
L.Slutski seçkilərdə iştirak edən siyasi partiyaların seçki qərargahlarında keçirdiyi görüşdən də danışıb. O deyib: “Görüşdə gəlinən ilkin nəticə o oldu ki, Qərbin “Azərbaycanda kimsə kimisə sıxışdırır” kimi qiymətləndirməsi həqiqəti əks etdirmir. Bunu müxalif partiyaların nümayəndələri də qeyd etdilər. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək lazımdır. Ona görə də məlum dairələrin Azərbaycanda demokratiyanın pozulması barədə fikirləri uydurmadan başqa bir şey deyil”.