SİYASƏT
Avropalı müşahidəçilər: məntəqələrdə veb-kameraların quraşdırılması şəffaflıq nümunəsidir VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının üzvləri Azərbaycanda parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçiriblər.
Missiyanın üzvü, Avstriyanı təmsil edən Volfqanq Qrossruk bildirib ki, Mərkəzi Seçki Komissiyasının məntəqələrdə quraşdırdığı veb-kameralar səsvermənin gedişini onlayn müşahidə etməyə imkan yaratdı: “Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda seçkilər sakit keçdi. Səsvermə məntəqələrinə sərbəst giriş var idi. Seçicilərin qeydiyyatı ilə bağlı heç bir problem olmadı. Hər dairədə azı 4 nəfər olmaqla 10-dan artıq namizəd mübarizə aparırdı. Səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçdi”.
Böyük Britaniyanı təmsil edən Maykl Hankok isə səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda müşahidəçilərin iştirak etdiyini vurğulayıb: “Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını izlədilər və heç bir problem qeydə almadı. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi”.
Avropalı müşahidəçilər məntəqələrdə veb-kameraların quraşdırılmasını şəffaflıq nümunəsi kimi dəyərləndiriblər.