Qusarlı gəncin istedad açarı - dəniz qumu, maraqlı ideya və səbir VİDEO
Qusar, 1 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusarlı gənc rəssam Ella Əzizbəyovanın qumla şüşə lövhə üzərində çəkdiyi şəkillər Türkiyə və Ukraynada maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Qusar rayonunun Quxuroba kəndində yaşayan istedadlı gənc qardaş ölkədə keçirilən “Yetənək Sizsiniz” televiziya yarışmasında uğurla çıxış edərək növbəti mərhələyə keçib. Bununla yanaşı, Ella Əzizbəyova Ukrayna televiziyasında yayımlanan “Ukraina mae talant” layihəsində iştirak etmək üçün də xüsusi dəvət alıb.
Hər iki istedad yarışmasında uğurla çıxış etməyi qarşısına məqsəd qoyan gənc artıq dörd ildir ki, bu işlə məşğul olur. Rəssamlığa böyük həvəsi olan Ella əvvəlcə fırça ilə şəkillər çəkib. Daha sonra palçıqdan müxtəlif əl işləri yaratmaq qərarına gəlib. Amma qumla rəsm əsərləri çəkməyə başlayanda bu sahədə daha bacarıqlı olduğu üzə çıxıb.
Daha çox vətənpərvərlik mövzusuna müraciət edən gənc bir şəklin çəkilməsinə 15-20 dəqiqə vaxt sərf edir. Qumla portret çəkmək isə daha çətin və vaxt aparan işdir. Xüsusi işıqlandırılmış şüşə lövhə üzərində şəkillər çəkmək üçün Ella adi dəniz qumundan istifadə edir.
Qumla şəkil çəkmək üçün maraqlı ideya, rəssamlıq bacarığı və səbirli olmaq əsas şərtlərdəndir. Ella Əzizbəyova bu vaxta kimi qumla yüzlərlə şəkil çəkib. Bu rəsmləri başqa formada qoruyub saxlamaq mümkün olmadığından çəkdiyi şəkilləri lentə alaraq video formatında kompyuterin yaddaşında saxlayıb.
O, bu sənəti öyrənmək istəyənlər üçün xüsusi kurslar da təşkil edib. Hazırda 10-a yaxın bacarıqlı yeniyetmə ondan qumla şəkil çəkməyin sirlərini öyrənir. Ella Əzizbəyovanın ən böyük arzusu tanınmış rəssam-dizayner olmaqdır.