Aftandil Hacıyev: Bacardıqlarımızı ortaya qoya bildik
Bakı, 14 fevral, Nicat Məmmədov, AZƏRTAC
Turniri layiqli şəkildə tərk edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev doğma meydanda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Qırx bir yaşlı mütəxəssis bildirib ki, ilk dəqiqələrdə qol vurduqdan sonra gedişatı dəyişə bilərdilər: "Planımız yaxşı alındı. Ən azından rəqibin əsəbləri ilə oynaya bildik. İlk qoldan sonra 2-3-cü qolları vura bilərdik. Amma "Zirə" təzyiq altında usta futbolçuları ilə oyunu ələ aldı. Bu gün bacardıqlarımızı ortaya qoya bildik. Hesab rəqibin xeyrinə dəyişdikdən sonra işimiz çətinləşdi. İtkilərimiz var idi. Amma futbolçuların məğlub olmamaq istəyi məni razı saldı. Onsuz da iki cəbhədə mübarizə aparmaq bizim üçün çətin idi. Bundan sonra çempionata köklənəcəyik. "Zirə"ni isə təbrik edirəm. Düşünürəm ki, yarımfinalda oynamaq üçün hər cür potensialı var".
A.Hacıyevin sözlərinə görə, oyunçu dəyişikliyi etməyə imkanı yoxdur: "Futbolçular üçün ardıcıl olaraq süni örtükdə oynamaq asan deyil. Bu matçı ciddiyə almışdıq. Bu gün gənc futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Onları gələcək matçlarda da meydanda görəcəksiniz".
"Zirə"nin məşqçisi Vaqif Paşayev isə ilk matçdakı darmadağına baxmayaraq, arxayınlaşmadıqlarını söyləyib: "Uşaqlara bu barədə demişdik. Sağ olsunlar, tapşırıqları yerinə yetirdilər. Külək bizə mane olsa da, yaxşı mübarizə apardıq".
Yeni transferlərin çıxışına da toxunan mütəxəssis onların yaxşı futbolçular olduğunu vurğulayıb: "Getdikcə, daha yaxşı olacaqlar".
V.Paşayev yarımfinalda "Neftçi"yə rəqib olmalarına da toxunub: "Mümkün olduğu qədər irəli gedəcəyik. Rəqibin kimliyindən asılı olmayaraq oynayacağıq".