SİYASƏT
Aydın Hüseynov: Azərbaycan diplomatiyasının Brüsseldəki uğuru Prezidentimizin prinsipial siyasətinin nəticəsidir
Bakı, 13 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Brüsselə səfəri, orada keçirdiyi mühüm görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında uğurlu əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Ölkəmizlə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Bununla yanaşı, ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Azərbaycan dünyada sülhyaratma prosesinə əməli töhfə verir. Bu səbəbdən istər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirildi.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan Ermənistanın obrazını nümayiş etdirdi.
Aydın Hüseynov vurğulayıb ki, NATO Sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu. Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi isə iflasa uğradı. Brüsseldə Azərbaycan diplomatiyasının əldə etdiyi uğur Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir.