ELM VƏ TƏHSİL
Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Gəncə və Goranboyda kurqanları tədqiq edir
Bakı, 21 avqust, AZƏRTAC
Gəncə və Goranboy ərazisində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlayıb.
Beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və İtaliya tərəfindən rəhbəri Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin dini tədqiqatlar departamentinin müdiri, Kataniya Universitetinin professoru Nikola Laneridir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq ekspedisiya ötən il Gəncə şəhəri ətrafındakı son tunc — erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilən ilk tunc dövrünə aid kurqanların ilkin tədqiqatını aparıb. Bu il hər iki abidədə tədqiqatlar davam etdirilir.