İDMAN


Azərbaycan futvolleyçiləri “B” qrupunda Hollandiya, Avstriya və Pakistan yığmaları ilə mübarizə aparacaqlar

Bakı, 13 iyul, AZƏRTAC

Bakıda təşkil olunacaq futvolley üzrə açıq beynəlxalq turnirlə əlaqədar iyulun 13-də mətbuat konfransı və püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Futnet Federasiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı Aydın Hüseynov, baş katib Əfqan Həmzəyev və İcraiyyə Komitəsinin üzvü Gülağa Cabbarov, komandaların üzvləri və KİV-lərin nümayəndələri iştirak ediblər.

Turnir haqqında məlumat verən Ə.Həmzəyev qeyd edib ki, iyulun 14-15-də keçiriləcək turnirdə səkkiz ölkənin milli komandaları yarışacaqlar. Yarışda Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan, və Avstriya yığmaları birincilik uğrunda mübarizə aparacaqlar. Turnirin ümumi mükafat fondu 6 min manatdır. Qalib komandalara medal, diplom və pul mükafatları təqdim ediləcək.

Federasiyanın İcraiyyə Komitəsinin üzvü G.Cabbarov yarışın qaydaları haqqında məlumat verdikdən sonra iştirakçı komandalar və idman geyimləri təqdim edilib.

Daha sonra püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Portuqaliya, Braziliya, İran və Rusiya kollektivləri “A” qrupunda yer alıblar. Azərbaycan yığması isə Hollandiya, Avstriya və Pakistan milliləri ilə birgə “B” qrupunda yarışacaq.

Federasiyanın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Aydın Hüseynov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayıb. Turnirə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını deyən A.Hüseynov bildirib: “Yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərdə idmanın bu növünə maraq yaratmaq, ölkəmizdə futvolleyin inkişafına nail olmaqdır. İki gün ərzində azarkeşləri maraqlı idman mübarizəsi gözləyir. Azərbaycanın idman tarixində ilk dəfə olaraq futvolley üzrə Braziliya milli komandası ölkəmizə təşrif buyurub. Bundan əlavə, digər ölkələrdən də güclü idmançılar paytaxtımızda qalib adı uğrunda yarışacaqlar. Turnirdə iştirak edən bütün komandalara uğurlar diləyirəm”.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.