MƏDƏNİYYƏT


Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub VİDEO

Berlin, 14 dekabr, AZƏRTAC

Berlində Azərbaycan səfirliyinin təşkilatçılığı, UNESCO üzrə Milli Komissiyanın katibliyinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan muğamının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Ramin Həsənov Azərbaycan muğamının özəlliyi, tarixçəsi, təkamülü, qlobal səviyyədə təbliği məqsədilə görülən işlər, xüsusən Heydər Əliyev Fondu tərəfindən bu sahədə aparılan fəaliyyət, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi barədə iştirakçılara məlumat verib.

Daha sonra muğam üçlüyünün ifasında konsert proqramı təqdim olunub. Xanəndə Gülnar Qüdrətlini Sahib Paşazadə (tarzən) və Toğrul Əsədullayev (kamança) müşayiət edib.

Üçlüyün repertuarında “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Mənim Azərbaycanım”, “Qarabağ şikəstəsi”, “Mehriban olaq”, “Segah” və digər məşhur xalq və bəstəkar mahnıları yer alıb.

Tədbirdə Almaniyanın ictimai-siyasi dairələrinin, diplomatik korpusun və Azərbaycan diasporasının nümayəndələri iştirak edib.

Konsert çərçivəsində, həmçinin Azərbaycanın mədəniyyətinə və incəsənətinə dair müvafiq əyani materiallar nümayiş olunub və iştirakçılara paylanılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.