İDMAN


Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının sentyabrın 22-də təntənəli bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan, Ukrayna və Bolqarıstanın qrup hərəkətləri komandaları, həmçinin gimnastımız Veronika Qudis kompozisiyalarını təqdim ediblər.

Tədbirdə rəqqaslarımızın və nağaraçıların şousu tamaşaçıların böyük coşqusu ilə qarşılanıb.

On dörd ildən sonra ölkəmizin bədii gimnastika üzrə dünya çempionatına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Azərbaycanın Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib: “Yüksək rəqabət şəraitində keçən çempionatda gimnastların maraqlı çıxışlarını izlədik. “Tokio 2020” Yay Olimpiya Oyunları öncəsi Bakıda təşkil olunan lisenziya xarakterli dünya çempionatı böyük önəm daşıyırdı. Artıq idmançıların həyəcanı geridə qaldı. Dünya çempionatı cari il ölkəmizdə gimnastika üzrə keçirilən sonuncu beynəlxalq turnir idi. Növbəti irimiqyaslı yarışlarda görüşənədək”.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib: “Nağıllar – hətta ən yaxşıları belə bitməlidir. Bir həftəlik yarışlardan sonra nağıl kitabımızı bağlamağın vaxtıdır. Bütün gimnastları gözəl çıxışlarına görə təbrik edirəm. Nağıl bəzi gimnastlar üçün “Tokio 2020” Yay Olimpiya Oyunlarında davam edəcək”.

Yüksək təşkilatçılığa görə minnətdarlığını ifadə edən M.Vatanabe deyib: “Azərbaycan Gimnastika Federasiyasının və dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvlərinə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Həmçinin gələcək nəslə gimnastika məşəlini ötürməyə kömək edən dünya çempionatının rəsmi səfiri Yana Batırşinaya da təşəkkürümü çatdırıram. Növbəti il Olimpiya Oyunlarının möcüzəsini yaşadan daha bir nağılı dinləmək üçün hamınızı Tokioda yenidən görməyə şad olarıq”.

Sonra M.Vatanabe bədii gimnastika üzrə 37-ci dünya çempionatını bağlı elan edib.

Gənc gimnastımız Ceyla Əlizadə FIG-in bayrağını İ.İsmayılova təqdim edib. Gənclər və İdman nazirinin müavini bayrağı M.Vatanabeyə verib. FIG-in prezidenti isə bayrağı dəfələrlə Avropa və dünya çempionu olan, “Atlanta 1996” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Y.Batırşinaya ötürüb.

Sonda dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan dünya çempionatında 61 ölkədən 300-dən artıq gimnast iştirak edib. Gimnastlar çempionatda 9 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastı Z.Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında “Tokio 2020” vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.